UEFA Çempionlar Liqasının I qrupunda “Çelsi” “Sevilya” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb. İkinci yarıda da komandalar fərqlənmək üçün bir neçə imkan əldə etsələr də, qol vura bilməyiblər.
Qrupun digər görüşündə də heç-heçə qeydə alınıb. Söhbət “Renn” – “Krasnodar” oyunundan gedir. Komandalar hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərindən Seru Qirassinin dəqiq zərbəsinə qonaqlardan Kristian Ramirez 1 qolla cavab verib: “Renn” – “Krasnodar”: 1-1.
F qrupunda “Latsio” “Borussiya”nı qəbul edib. Meydan sahibləri ilk hissədə dortmundluların qapısında 2 top keçiriblər. Hesabı Çiro İmmobile açıb. Çox keçmədən qonaqlardan Marvin Hits avtoqol müəllifi olub. Fasilədən sonra Erlinq Holand toplardan birinin əvəzini çıxsa da, məğlubiyyətə mane ola bilməyib. Meydan sahiblərindən Jan Daniel Akpa-Akpro mübarizəyə nöqtə qoyub. “Latsio” – “Borusiya”: 3-1.
Qrupun digər görüşündə “Zenit” “Brügge”ni qəbul edib. Sankt-Peterburqda keçirilən oyunda əksəriyyət meydan sahiblərinin qələbəsinə inansa da, qonaqlar bu fikirdə olanları yanıldıblar. Belçikalılar 2:1 hesabı ilə qalib gəliblər.